|
Bütün TÜRKlər
qardaştır!
Ey Tanrı
Dağında doğulub yer kürəsində at çapdıran şanlı axınçı, ürəklərində
ozanların qopuz çaldığı Dədə Qorqud ruhlu xalq, bir gündə dövlət yıxıb bir
gecədə xanlıq quran igid əsgər, əbədi daşlar yazdıran Bilgə Xaqanın nəvəsi,
göy mavisi bayraqlarla qurd başlı sancaqları göylərə çəkdirən ər insan,
qorxaqlara Çin səddini inşa etdirən Mətə Xanın və onların sarayına qırx
nəfərlə basqın edən Kürşadın soyundan gələn uca Türk, sözüm sənədir.
Bu gün
dünyada olan bir cox millətlər hələ ortada yox ikən biz Türklər dövlət
qurur, bu dünyanın düzənini təmin edirdik. Min illər əvvəl Hunlar və Göy
Türklər ilə Türk adını bütün yer kürəsinə eşitdirmiş və dünya
hakimiyyətinə qovuşmuşduq. Mavi göy çadırımız, Günəş də bayrağımız olmuşdu.
Gücümüzü təkcə qılıncımızın kəskin, biləyimizin güclü olmasından almırdıq;
uca təriqətimiz, inancımız, dövlətimizə bağlılığımız və bənzərsiz
mədəniyyətimiz bizi digər millətlərdən üstün edirdi. Kaşqarlı Mahmud
atamız da, “Tanrının dövlət günəşini Türk bürclərində doğduğunu və onların
üzərinə göylərin bütün işıqlarını döndərmiş olduğunu gördüm. Tanrı onlara
Türk adını verdi və onları yer üzünə albay etdi.”deyərək Türklüyün
müqəddəsliyini min il əvvəldən bizə bildirmişdi.
İkinci Göy
Türk Dövlətində Türk soylu bütün insanlar tək bayraq altında toplanmışdı
və sonra Türk köçləriylə qandaşlar yer üzünün fərqli bölgələrinə yayılmağa
başladı. Birbirindən ayrı düşən soydaşların aralarındakı məsafələr,
rusların, çinlərin və saysız düşmənlərin bizi bölmək üçün etdikləri
cəhdlər də artdı. Ruslar, “Siz Türk deyilsiniz. Siz Qırğız, Azəri,Özbək,
Kazak, Tatar...sınız” dedilər və əvvəl müqəddəs dilimizi parçaladılar. Hər
Türk ləhcəsi üçün uydurma bir neçə qayda yaradıb, onları ayrı ayrı dillər
durumuna gətirdilər. Ağzımızdakı ana südü qədər ağ olan Türkçəmizi bölüb,
iyirmidən çox parçaya ayıran ruslar min illik təriqət və mədəniyyətimizi
də korlamaq üçün əllərindən gələni etdilər.
Türk dünyası
üzərində oynanan bütün oyunlar, Türklük günəşini hər gün biraz soldurdu.
“Oba köçər, ənənəsi qalar” dedik, fəqət adətlərimiz də pozuldu.
Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Tatarıstan, Qaqauzya,
Yakutıstan, Çuvaşıstan, Başqırdıstan...dakı Türklərin bir qismi Türk
olmadığlarını söyləyənlərə inandılar və bunlar bu gün dünyada yaşayan 300
milyona yaxın soydaşından xəbərsiz yaşamağa başladılar. Bu yadlaşmalar
nəticəsində Türk bölgələri “xarici ölkələr” halına gəldi. Fəqət həqiqəti
Bilgə Xaqanın əbədi daşlarında axtaranlar, atamızın 1300 il əvvəl bizə
belə səsləndiyini görəcəklərdi. “ Ey Türk ulusu, üstdə mavi göy çökmədikcə,
altda yağız yer deşilmədikcə sənin elini və adətini kim poza bilər?”
Bütün ayrılıqlar, könüllərimizdəki Türklük eşqini soldurmadı, əksinə
ürəklərimizdəki bu böyük atəşi daha da alovlandırdı. 90 cı illərin
əvvəllərində soydaşlarımızın müstəqilliyə qovuşması ilə, müqəddəs Türk
birliyinə qovuşacağımız gün xəyallarımızı bəzəməyə başladı. Bu gün
sümürgəməklə məşğul dövlətlərin göz tikdiyi yurdlarımızı qorumağın və Türk
adını min illər daha yaşada bilmək üçün gələcək nəsillərə daşıya bilməyin
yeganə yolunun, bütün Türklərin aramızdakı müqəddəs qardaşlığın fərqinə
varması və bu məqsədlə birləşməni təmin etməsi olduğu başa düşülməlidir.
Bu ali ülkü, biz Türklər üçün gələcəyin açarı, yudlarımızın təhlükəsizliyi
üçün Türk gücünün və müstəqilliyinin ilk addımıdır.
Türk dünyası
içində yaşayan Türklər olaraq bəzilərimiz Oğuz, bəzilərimiz Qıpçaq
boyundanıq. “Sən kimsən?” deyə soruşulduqda, qandaşlarımız “Türk mən” deyə
cavab verib və adları Türkmən olaraq qalıb. Bəzilərimiz Göy Oğuzlardan
gələn “Qaqauz” Türklərindənik. Oğuz Türkləri atları ilə Anadoluya gəliblər,
lakin Qırğız Türkləri atlarını kəsib yedikləri üçün atalarımızın yurdu
olan Tanrı Dağında qalıblar. Baş qurd bizik, Kazak yenə biz. Biz min dəfə
ölüb, Ergenekonda min dəfə dirilən Göy Türklərik! Biz eyni qazanda bişən
aş, eyni kökdə böyüyən böyük bir ağacın budaqlarıyıq.
Atalarımız
Altayda yaşayıb, Ötükəndə savaşmışlar, İsık Göl qədər kımız (at südü)
sağıb, Ala Dağlar qədər ət yığmışlar. Toylar tərtibləyib ana yurdu
şənləndirmişlər. Fəqət vədə yetişəndə bir ölüb, bir dirilməyi də borc
bilmişlər. “ Rahat yataqda ölmək əcəba olmaz mı çilə (əzab), qanlı sinir
boyları bizə məzar olmalı” düşüncəsi ilə hərəkət edib, dəmir dağları
əridərək, damarlarımızdakı əsl qanın bu günlərə qədər daşınmağına nail
olmuşlar.
İndi, min
illədir qoruyub saxladığımız adətlərimizi, dilimizi, soyumuzu, yəni bütün
Türklük dəyərlərimizi gələcək nəsillərə eyni güclə və saf bir biçimdə
çatdıra bilmək üçün, bu əsrdə yaşayan Türklər olaraq bizlərə çox böyük
vəzifələr düşür. Əgər bir gün Tanrı Dağlarının təpəsində Oğuz Xaqanın
otağına girib, onun otağında yaşayan Kürşad kimi neçə-neçə ərlərin önündə
diz qoya bilməyi xəyal ediriksə, atalarımızdan aldığımız qurd başlı
sancağı daşımaq haqqımız olar. Əgər Altayların başında ulayan bir qurd və
ya ana yurdun üstündə süzən bir qartal olmaq istəyiriksə, əvvəlcə bir qurd
qədər yol göstərici və bir qartal qədər kəskin baxışlı olmalıyıq.
Uca Tanrı,
Türk dünyasındakı qardaşlıq bağlarının güclənməsinə və qardaşlığımızın
gücü ilə Türklük ruhunu sonsuza qədər yaşada bilməyimizə yardım etsin.
Tanrı Türkü
qorusun!
|